Putinlə münasibətləri yaxşılaşdırmaq istəyən Tramp Lukaşenkoya da zəng vurur

Tramp və Lukaşenko

Ötən həftə Alyaskada Rusiya prezidenti Vladimir Putinlə keçirilən sammitdən əvvəl ABŞ prezidenti Donald Trampın Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı bir çox müşahidəçiləri və siyasətçiləri təəccübləndirib.

Tramp sosial şəbəkədə Lukaşenkonu "çox hörmətli prezident" adlandıraraq yazıb ki, onunla söhbəti zamanı 1300 siyasi məhbusun azad olunmasını da müzakirə edib.

Mühacirətdə fəaliyyət göstərən "Avro-Atlantik Məsələlər Agentliyi" analitik mərkəzinin rəhbəri Valer Kovalevskinin sözlərinə görə, Trampın siyasi məhbuslara xüsusi diqqət yetirməsi dərin rəmzi məna daşıyır.

"Tramp humanitar məsələni - siyasi məhbusların azad olunmasını mesajının önünə çıxarıb", - Kovalevski AzadlıqRadiosuna bildirib: "Bu, göstərir ki, humanitar danışıqlar həm Minsk, həm də Vaşinqton üçün əlverişlidir. Onlar geosiyasət və ya Ukraynadakı müharibə kimi çətin mövzulardan yayınırlar, eyni zamanda, söhbət insanların həyatdan getdiyi üçün nəcib və ləyaqətli görünürlər".

Qərbin uzun illər diktator və Putinin qətiyyətli müttəfiqi kimi tənqid və təcrid etdiyi Lukaşenko üçün Trampın zəngi diplomatik irəliləyiş demək idi.

Valer Karbaleviç

"Lukaşenko üçün hədiyyə"

AzadlıqRadiosunun Belarus xidmətinin siyasi şərhçisi Valer Karbaleviç bildirib ki, bu, Lukaşenko üçün "böyük bir hədiyyədir", çünki o, 2020-ci ildə seçki saxtakarlığına qarşı kütləvi etirazları amansız şəkildə yatırtmaqla Qərblə körpüləri yandırdıqdan sonra bir növ geri dönüş yolu qazanır.

"Lukaşenko məmnundur", - o yazıb. "O, açıq-aşkar psixoloji narahatlıq hiss edir ki, artıq beş ildir Qərb ölkələri onu Belarusun prezidenti kimi tanımır".

Amma Kovalevski fərqli düşünür: "Əlində çox pis kartlar olmasına baxmayaraq - prezident kimi tanınmaması, Rusiya nəzarətində olması və Ukraynaya qarşı təcavüzdə şərikliyi - Lukaşenko Trampa yol tapa bilib… Bu, hədiyyə deyil. Bu, hədəfli və bacarıqlı Belarus diplomatiyasının nəticəsi idi", - o bildirib.

Mühacirətdə yaşayan Belarus müxalifət lideri Svetlana Tixanovskaya isə Trampın Belarusda siyasi məhbusların azad olunması ilə bağlı səylərini alqışlasa da, Lukaşenko rejiminə təzyiqlərin davam etdirilməsinə çağırıb.

"Bu, prezident Trampın mühüm humanitar missiyasıdır - günahsız insanların həyatını xilas etmək. Biz Lukaşenko rejimindən repressiyalara tamamilə son qoymasını və bütün günahsız insanları həbsdən azad etməsini gözləyirik. Bu, sülh, azadlıq və barışıq üçün həyati əhəmiyyət daşıyan ilk addımdır. Və bu baş verənə qədər rejimə qarşı siyasətdə heç bir dəyişiklik olmamalıdır", - Tixanovskaya sosial şəbəkədə yazıb.

Lukaşenko indiyədək detallı açıqlama verməyib. Onun mətbuat katibi Natalya Eysmont isə sadəcə bu istiqamətdə işlərin davam etdiyini bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tixanovski Belarus müxalifəti haqda: '2020-ci il hərəkatının enerjisi artıq yoxdur'

Siyasi yumşalma yoxdur

İnsan haqları təşkilatları isə buna skeptik yanaşır. Belarusdakı "Vyasna" insan haqları mərkəzinin əməkdaşı Pavel Sapelkanın sözlərinə görə, son aylar verilən əfv qərarlarına baxmayaraq, repressiyalar daha da güclənib.

"Hakimiyyət paralel proseslər aparır. Bəzi göstəricilərə görə, repressiyalar davam edir və daha da pisləşir. Eyni zamanda, bəzi insanlar əfv əsasında azad edilir, bəzən dərhal deportasiya olunur. Bu isə qəbuledilməzdir", - Sapelka AzadlıqRadiosuna bildirib.

"Heç kim həbslərin dayandırılmasından və ya siyasi yumşalmadan danışmır", - Belarusda repressiya qurbanlarına yardım edən "BySol" Fondunun üzvü Dmitri Yeqorov bildirib.

Siyasi məhbuslara dəstək verən "Dissidentby" təşkilatından Marina Kasinerava isə deyib ki, rejimə qarşı çıxdıqları üçün həbsdə olanların sayı 1300-dən çox ola bilər. "Sistem insan haqları ilə bağlı cinayətləri gizlətmək üçün hər şeyi edib, o cümlədən məhkəmə iclaslarının cədvəllərini bağlayıb", - o əlavə edib.

Kasinerava xəbərdarlıq edib ki, Lukaşenko həqiqi azadlıqlar əvəzinə "zorakı köçürmələr" həyata keçirə bilər. "Rejim insanları başlarına torba keçirərək ölkədən çıxara bilər. Sözün əsl mənasında bunun azadlıqla heç bir əlaqəsi yoxdur", - o bildirib.

Valer Kovalevski

"Ümidsizlik"

2020-ci ildən bəri "Vyasna" təşkilatı Belarusda 360 əfv halını sənədləşdirib, onlardan ən az səkkizi Belarus vətəndaşı olmalarına baxmayaraq, birbaşa həbsxanadan deportasiya edilib. Son beş il ərzində 8532 nəfər siyasi motivli cinayət ittihamı ilə üzləşib və 7299 nəfər məhkum edilib.

Hüquq müdafiəçiləri üçün 1300 məhbusun azad edilməsi perspektivi, həqiqətən, tarixi bir hal olardı. Lakin onlar vurğulayırlar ki, repressiyalar dayandırılmadıqca, belə bir addım sistemli dəyişiklikdən daha çox taktiki manevr olacaq.

Ancaq Kovalevski hesab edir ki, Trampın Lukaşenko ilə əlaqəsi, eləcə də Ukraynada sülhü təmin etmək səyləri ruhlandırıcı ola bilər: "Hazırda həm Belarusda, həm də Ukraynada ümidsizlik var. Hər iki ölkədə insanlar Trampı, nə qədər qüsurlu olsa da, üzləşdikləri böhranları həll etməyə çalışmaq istəyən biri kimi qiymətləndirirlər".

Bunun əksinə olaraq, Avropa siyasətçiləri məsafə saxlayaraq, sərt sanksiyalar və təcrid siyasətinə sadiq qalır. Kovalevskinin sözlərinə görə, bu isə Trampın kommunikasiya cəhdini daha da əhəmiyyətli edir.

"Bəlkə, bu, ideal yol deyil. Ola bilsin, bu, Lukaşenkonun hakimiyyətdə qalması da daxil, kompromislər tələb edir. Amma bu, insanları həbsdən azad etmək və repressiyaları ləngitmək şansı verir", - o vurğulayıb.

Hazırda Trampın Lukaşenkoya marağı illərlə davam edən durğunluğu yarıb. Ancaq, hələlik, aydın deyil ki, bu, sadəcə humanitar əsaslı birdəfəlik jestdir, yoxsa ABŞ diplomatiyasında yeni bir kanalın başlanğıcıdır.

Belarus müxalifəti isə narahatlıq duyur ki, Trampın humanitar jestləri əsaslı islahatlar aparmadan Lukaşenkonun legitimləşdirilməsinə qapı aça bilər.

Yazını AzadlıqRadiosunun aparıcı müxbiri Merhat Şaripjan və radionun Belarus xidmətinin müxbiri Anna Sous hazırlayıb.