Astana məhkəməsi AzadlıqRadiosunun (RFE/RL) Qazaxıstan Xarici İşlər Nazirliyinə (XİN) qarşı qaldırdığı iddianı təmin etməyib.
Bu barədə radionun Qazaxıstan xidməti məlumat yayıb.
Ötən il qəbul edilmiş qanuna əsasən, Qazaxıstanda xarici media əməkdaşlarının fəaliyyəti qadağan olunub. XİN əvvəlcə AzadlıqRadiosunun Qazaxıstan xidmətinin yeddi, sonra isə daha doqquz jurnalistinə akkreditasiya verməkdən imtina edib. Bu gün məhkəmə ilk yeddi jurnalistlə bağlı qərar çıxarıb.
Daha əvvəl bir sıra beynəlxalq insan haqları təşkilatları Qazaxıstan hökumətinin akkreditasiya verməməsini pisləyib. "Human Rights Watch" bu qərarı "mediaya qarşı açıq hücum" adlandırıb. Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) bunu "mətbuat azadlığına və jurnalistlərin öz peşəsi ilə məşğul olmaq hüququna hücum" kimi xarakterizə edib.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə Qazaxıstan hakimiyyətini AzadlıqRadiosunun Qazaxıstan xidməti əməkdaşlarına akkreditasiya verməyə çağırıb və qeyd edib ki, "AzadlıqRadiosunun cəsarətli reportajları Qazaxıstan mediasında mərkəzi yer tutur".