Qəbələ rayon Mərkəzi Xəstəxanasının 54 min 500 manat qazpulu borcu olduğu bildirilir. "Azəriqaz" İstehsalat Birliyi (İB) borcun ödənilməsindən ötrü xəstəxana rəhbərliyinə məktub göndərdiyini, ancaq bu pul ödənilmədiyindən xəstəxanaya qarşı məhkəmədə iddiası qaldırmağa məcbur qaldığını bildirib.
"Azəriqaz"ın məlumatına görə, xəstəxananın borcu öncə 76 min manatdan çox olub. Məhkəməyə şikayətdən sonra bir hissəsini ödədiklərindən məbləğ 54 min 500-ə enib.
Qəbələ rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi isə onlardan tələb edilən borcun məbləğiylə razılaşmır. Xəstəxana nümayəndəsi bildirib ki, yeni tikilmiş binaya ötən il iyunun 1-də köçüblər və o vaxtdan bəri kommunal xidmətlərə görə aylıq ödəniş ediblər: "Qaz sayğacı tikinti aparıldığı müddətdə quraşdırılıb. Ondan tikinti şirkəti istifadə edib. Borcun bizə aidiyyəti yoxdur".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB-in) nümayəndəsi də tərəflər arasında sayğacla bağlı borc müqaviləsi olmadığına görə "Azəriqaz"ın iddiasını əsassız sayır və Qəbələ rayon Mərkəzi Xəstəxanası yeni tikilmiş binaya köçənədək yaranan borcun ondan tələb edilməsinə əsas olmadığını bildirir.
Ancaq məhkəmə "Azəriqaz"ın haqlı olması qərarına gəlib. Qazdan istifadəyə görə yaranmış 54 min 598 manatlıq borc Qəbələ rayon Mərkəzi Xəstəxanasından tutulacaq.