'İndi adi bir Qarabağ ermənisindən geri qayıtmaq haqda soruşsanız, deyər ki, bu, sadəcə xəyaldır'

Qarabağdan ermən əhalinin köçü. 2023

Baş nazir Nikol Paşinyan "Qarabağ ermənilərinin geri qayıtması real deyil" deyəndən sonra Yerevanda buna etiraz səsləri eşidilir. Vətəndaş cəmiyyəti bunu qızışdırıcı hesab edir. Qarabağ erməniləri isə Paşinyanı haqlı sayır, amma necə?

Baş nazir Paşinyan avqustun 18-də xalqa müraciətində bildirib ki, onunla razılaşmayanlar istər-istəməz münaqişənin yenidən canlandırılması məntiqinə qapılırlar: "Qarabağdan didərgin düşmüş həmvətənlərimiz Ermənistanda məskunlaşmalı, burada yaşamalı, yaradıcı fəaliyyətlə məşğul olmalı və Ermənistan Respublikasının tamhüquqlu vətəndaşı kimi cəmiyyətə inteqrasiya olunmalıdırlar".

Paşinyan sülhün regionda bərqərar olduğunu deyib.

Ermənistan parlamentində "Hayastan" blokundan olan deputat Kristin Vardanyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Qarabağ ermənilərinin məsələsini həll etmədən münaqişənin çözülməsi və sülh mümkün deyil: "...Ənənəvi bəyanatlar vermək, kommunikasiya yollarını açıq saxlamağı və güc tətbiq etməməyə söz vermək. Amma əgər insanlara harada yaşayacaqları və birgə necə yaşayacaqları deyilməzsə, bu, necə sülh gətirə bilər?".

Qarabağdan erməni əhalinin köçü 2023-cü ilin sentyabrında Azərbaycan hökumətinin Qarabağda birgünlük əməliyyatlarından sonra olub. Həmin vaxt baş nazir N.Paşinyan özü bu köçü "etnik təmizləmə" adlandırmışdı. Qərb qurumları da Azərbaycanı etnik təmizləmədə ittiham edirdilər.

Azərbaycan hökuməti isə etnik təmizləmə fikrini əsla qəbul etmir. Qarabağ ermənilərinin reinteqrasiya planını da açıqlamışdı. Planda qayıdacaq ermənilərə öz dillərində danışmaq, sosial güzəştlər, məşğulluq proqramları, bəzi vergilərdən azad olmaq vədi verilir, onların təhlükəsizliyini Azərbaycan polisi təmin edir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyanın Qarabağ açıqlaması Yerevanda etiraz yaratdı: 'Azərbaycanın videolarına baxırıq'

Qarabağ ermənisi: "Paşinyan 100 faiz haqlıdır".

Xankəndidə doğulub böyüyən, Azərbaycanın birgünlük əməliyyatlarından sonra o şəhəri tərk edən Marut Vanyan AzadlıqRadiosuna Paşinyanın qarabağlılarla bağlı bəyanatını özünəməxsus şərh edir: "Paşinyan 100 faiz haqlıdır. Ancaq onun bunu deməsinin bir anlamı yoxdur. Bunu elə Qarabağdan gələnlər deyir... İndi siz adi bir Qarabağ ermənisindən geri qayıtmaq haqda soruşsanız, deyər ki, reallıq nədir, bu, sadəcə bir xəyaldır. İki-üç il uzun bir müddət deyil, insanların hələ də yaddaşında acı xatirələr var, nifrət var, qorxu var, etibarsızlıq var. Əlbəttə, evini itirmək çox ağırdır. Bu, məşhur zarafata da oxşayır: "Çamadanımı oğurlasalar da, evimin açarı ki cibimdədir". Biz Azərbaycanın Qarabağdan çəkdiyi videolara baxırıq, əlbəttə, evimiz üçün darıxırıq...".

Yerevanda regional araşdırmalar mərkəzinin rəhbəri Riçard Qiraqosyan deyir ki, qarabağlıların Paşinyan hökumətindən küskünlüyü var. O, Paşinyanın açıqlamalarını qarşıdurma yaradacaq açıqlama hesab etsə də, müxalif kəsimin də elə bir nüfuzunun olmadığını deyir: "Bu baxımdan, onların hər hansı siyasi səfərbərlik və ya təşkilatlanma ehtimalı azdır. Ancaq bu onları Ermənistan hökumətindən uzaqlaşdırır, Ermənistan siyasətinə qoşulmaqdan da imtina etdikləri anlamına gəlmir".

2023-cü ildə Qarabağdan köç edən ermənilərin əksəriyyəti Ermənistana pənah aparmışdı. Rəsmi açıqlamalara görə, bu ilin avqustuna qədər 10 mindən çox Qarabağ ermənisinə Ermənistan pasportu verilib. Ümumilikdə 100 mindən çox etnik erməninin Qarabağı tərk etdiyi bildirilir.