Keçid linkləri

2025, 21 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:41

Cəza rejimi ağırlaşdırılan ictimai fəal: 'Özümü orada döyüblər'


Elvin Mustafayev
Elvin Mustafayev

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvü Elvin Mustafayev 6 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qalması barədə prokurorluğa şikayət etsə də, heç bir cavab almayıb. Bunu avqustun 20-də onun vəkili Zibeydə Sadıqova Bakı Apellyasiya Məhkəməsində deyib.

İctimai fəalın ümumi rejimli cəzaçəkmə müəssisəsindən 6 aylıq həbsxana rejiminə köçürülməsi haqda Nizami rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılır.

E.Mustafayev avqustun 20-də məhkəmənin ilkin baxış iclasında deyib ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində heç bir qanunsuzluğa yol verməyib, əksinə, özü işgəncənin, pis rəftarın qurbanı olub: "Nizami rayon Məhkəməsində də dedim, mənim özümü orada döyüblər".

İctimai fəalın sözlərinə görə, işgəncə nəticəsində qulağından günlərlə qan, ardınca irinli su gəlib.

Vəkil Z.Sadıqova bildirib ki, müvəkkilinin işgəncə şikayətinin araşdırılmasından ötrü aylar öncə prokurorluğa şikayət etsələr də, indiyədək cavab almayıblar. Bu üzdən vəkil vəsatət qaldırıb ki, məhkəmə özü də prokurorluğa sorğu göndərsin, E.Mustafayevə qarşı işgəncə ilə bağlı şikayətin nəticəsi haqda cavab alsın.

Ancaq Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası prokurorluğa sorğu göndərməyə razılıq verməyib.

E.Mustafayevin həbsxana rejiminə köçürülməsiylə bağlı qərardan şikayətinin araşdırılması isə sentyabrın 3-nə saxlanılıb.

Sözügedən cəzaçəkmə müəssisəsinin rəhbərliyi ictimai fəalın cəza rejiminin ağırlaşdırılmasından ötrü məhkəməyə təqdimatda iddia edib ki, o, daxili intizam qaydalarına əməl etmir: cəzaçəkmə müəssisəsində müxalifətçiliklə məşğul olur, əsassız şikayətlər yazmağa çalışır, özünə və işçilərə xəsarət yetirməyə cəhd göstərir və s. Bu üzdən, ona dəfələrlə töhmət verildiyi də təqdimatda əksini tapıb.

E.Mustafayev yazılanları "uydurma" adlandırıb.

Xatırlatma

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik ittihamı ilə həbs olunub. Bu ittihamla ona 3 il həbs cəzası kəsilib.

O, ittihamı qəbul etmir, üzərindən narkotik tapılması barədə iş materiallarında yazılanları "yalan" adlandırır, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

E.Mustafayev daha öncə də xırda xuliqanlıq və polisə müqavimətdə suçlanaraq inzibati qaydada 25 sutka həbs olunmuş, o zaman da ittihamları qəbul etməmişdi.

Hazırda "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və daha iki üzvü - Ayxan İsrafilov Möhyəddin Orucov da həbsdədir. Onlar da işçilərin hüquqlarını müdafiə etdiklərinə görə şərləndiklərini deyirlər.

Hökumət rəsmiləri ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını, həbs olunanların konkret faktlar əsasında saxlanıldığını bildirirlər.

XS
SM
MD
LG